Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Xatirə kitabını yüklə

Azərbaycan  Milli Elmlər Akademiyası  (AMEA) və Təhsil Nazirliyinin birgə təşkikatçılığı ilə görkəmli dilçi-alim, türkoloq və ictimai-siyasi xadim, elm və təhsil təşkilatçısı, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

"Report"un məlumatına görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil nazirinin müavini İdris İsayev və hər iki qurumun əməkdaşları, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin, xarici qonaqlar, Azərbaycanın aparıcı alimləri və media nümayəndələri iştirak ediblər.

 

AMEA-nın prezidenti Akif Əlizadə A.Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedoqoji fəaliyyətindən danışıb. O bildirib ki, Azərbaycan dilçiliyinin ən görkəmli nümayəndələrindən olan A.Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub: "Afad müəllim Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki olub. Mən Afad müəllimi çox yaxından tanıyırdım. O, onamastika elmi məktəbini yaradıb. Onun dilçilik elminin inkişafında rolu böyükdür. Elm və təhsilin vəhdətini yaradan dəyərli ziyalılardan biri olub. Bilirsiniz ki, elmlə pedoqogikanı bir-birindən ayırmaq çox çətin məsələdir. Dil Allahın bəşəriyyətə verdiyi ən böyük nemətdir. Onun dilçilik elminin inkişafında göstərdiyi xidmətlər bu gün də digər ziyalı dilçilər tərəfindən davam etdirilir".

Təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, A.Qurbanovun elmlə yanaşı, təhsil sahəsində də mühüm nailiyyətləri olub. Eyni zamanda SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Maarif Nazirliyinin yüksək vəzifələrini icra edib: "O, şərəfli bir alim ömrü yaşayıb, Azərbaycanda təhsilin inkişafına öz töhfələrini verib. O, ömrünün 60 ilinə yaxın bir dövrünü dilimizin inkişafı üçün sərf edib. Afad Qurbanov təkcə elmi fəaliyyəti ilə deyil, həm də ictimai-siyasi fəaliyyəti də tanınır. Onun yüzlərlə elmi məqaləsi, kitabları, əsərləri bu gün oxucular tərəfindən maraqla qarşılanır. Afad Qurbanovun fəaliyyəti də dövlətimiz tərəfindən mükafatlara və təltiflərə layiq görülüb".

Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva bildirib ki, müasir dövrdə də Afad Qurbanovun Azərbaycan dilçilik elmi və təhsil sisteminin inkişafında əvəzsiz xidmətlərinin bəhrəsi görülür.

Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin Afad Qurbanov yaradıcılığında ortaq türk dilinə toxunmasından danışıb.

Daha sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Azərbaycan Dillər Universitetin (ADU) rektoru Kamal Abdullayev, Nəsimi adına Dilçilik İnstitutun direktoru, akademik Möhsün Nağısoylu, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov məruzə ilə çıxış ediblər.

Çıxışlardan sonra A.Qurbanovun xatirəsini əbədiləşdirən materialların təqdimatı olub. "Azərmarka" MMC tərəfindən dilçi alimin yubileyi münasibətilə hazırlanmış poçt markası nümayiş etdirilib və A.Qurbanovla bağlı xatirə kitabının və onun 13 cildlik seçilmiş əsərlərinin təqdimatı olub.

Sonda görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında qısametrajlı film nümayiş etdirilib.