Afad Qurbanovun elmi fəaliyyət istiqamətləri

Müasir Azərbaycan dilçiliyi hazırkı inkişaf səviyyəsinə birdən-birə gəlib çıxmamışdır. O, mürəkkəb və çətin bir yol keçmişdir. Bu sahədə ədəbiyyat və mədəniyyət xadimlərimiz misilsiz xidmətlər göstərmişlər. Azərbaycanda peşəkar dilçilər yetişənə qədər dilçilik tədqiqatları ilə müqtədir sənətkarlarımız, şair və tərcüməçilərimiz, dramaturq, ədəbiyyatşünas, tarixçilərimiz, publisist və pedaqoqlarımız, müəllimlərimiz məşğul olmuşlar. Dilçiliyin bir elm sahəsi kimi yaranmağa başlaması, əsasən, XIX yüzilliyə təsadüf edir, formalaşması isə XX əsrlə bağlıdır. Bu dövrdən və XX əsrin əvvəllərindən bəhs edərkən A.Bakıxanov, M.Kazımbəy, M.Axundzadə, M.Ş.Vazeh, S.Vəlibəyov, Q.Qarabəyov, Q.Mirzəzadə, M.Mahmudbəyov, F.Köçərli, A.Şaiq, C.Məmmədquluzadə və başqalarının adlarını xüsusi olaraq çəkərdik. Müasir dilçiliyimizdən – onun görkəmli, ləyaqətli nümayəndələrindən danışarkən bugünümüzə qədərki elmimizin bir neçə nəslə bölünə bilən (bölünməli olan) nümayəndələrini göstərməliyik. Deyək ki, professor Bəkir Çobanzadənin Azərbaycan dilçiliyinin yaranması və formalaşmasındakı xidmətlərini göstərdiyimiz zaman XX əsrin 30-40-cı illərində yetişmiş akademik M.Şirəliyevi, Azərbaycan EA-nın müxbir üzvü, prof. Ə.Dəmirçizadəni, prof. M.Hüseynzadəni, X.Xocayevi, A.Tağızadəni, İ.Həsənovu, D.Quliyevi, T.Bağırovu və başqalarını qeyd etməyə bilmərik.

 

M.Şirəliyevin, Ə.Dəmirçizadənin, İ.Əfəndiyevin, M.Hüseynzadənin, Ə.Orucovun təmsil etdiyi nəsildən sonrakı dilçilərimiz cərgəsində 40-50-ci illərdən S.Cəfərov, A.Vəliyev, Ə.Mahmudov, Ə.Abdullayev, N.Məmmədov, Z.Tağızadə və başqalarının adlarını çəkərdik. 60-cı illərdən sonrakı illərdəki dilçi alimlərimizdən bəhs edərkən yada salmalıyıq ki, bu dövrdə istedadlı və məhsuldar dilçilər fəaliyyət göstərmişlər. İstərdik ki, burada həmin illərdə fəaliyyətə başlamış beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri üzvü, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanovun elmi fəaliyyəti və yaradıcılığının bəzi məqamlarına toxunaq.

 

Dünyaşöhrətli Azərbaycan dilçi-alimi Afad Qurbanovun elmi yaradıcılığı zəngin, çoxşaxəli, dəyərli və mövzu dairəsi etibarilə olduqca geniş və əhatəli olmuşdur. O, elmi axtarış və tədqiqatlara gənc yaşlarından başlamışdır. Afad Qurbanov XX əsrin 50-ci illərindən elm aləminə atılmış, 1951-ci ildən mütəmadi axtarışlar apararaq dilçi-liyin vacib problemlərinə dair zəngin faktlar əldə etmiş və maraqlı elmi tədqiqatlar aparmağa nail olmuşdur.

 

Afad Qurbanov özünün yaradıcılıq fəaliyyətinin ilk illərində, əsasən, iki elmi istiqamətə – nəzəri-filoloji və pedaqoji-metodiki sahələrə meyl göstərmişdir. O, tədris problemlərinin ən vacib məsələləri üzərində düşünərək müəyyən nəticələrə gələ bilmiş, öz fikirlərini elmi məqalələr şəklinə salmışdır.

 

Afad Qurbanovun əsərləri 1956-cı ildən nəşr olunmağa başlamışdır. Həmin ildə onun Bakı və Tbilisi şəhərlərində bir neçə məqaləsi dərc edilmişdir. O, «Azərbaycanlı şəxs adları və onların xüsusiyyətləri» adlı məqaləsində Gürcüstanda yaşayan azərbaycanlıların işlətdikləri antroponimlərin fərqli və maraqlı cəhətlərini elmi şəkildə izah etməyi qarşıya məqsəd qoymuş və buna layiqincə nail ola bilmişdir. Həmin məqalə Afad Qurbanovun sonralar çox yüksək səviyyədə inkişaf etdirib elmi məktəb səviyyəsinə qaldırdığı onomastika sahəsinin ilk addımı olmuşdur.

 

Professor Afad Qurbanovun çoxsaylı dilçilik tədqiqatlarına dair 70-dən artıq irihəcmli kitabı, monoqrafiyası, dərsliyi, dərs vəsaiti, 500-ə qədər elmi-metodiki məqaləsi nəşr olunmuşdur. Bu əsərlərin bir qismi xarici ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə və başqa dövlətlərdə dərc edilmişdir. Afad Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilərək ona 1981-ci ildə Azərbaycan SSR-i əməkdar elm xadimi fəxri adı verilmişdir.

 

Afad Qurbanov yazdığı əsərlərə görə dövlət tərəfindən təltif edilmiş az sayda dilçi-alimlərimizdən biri olmuşdur. O, «Azərbaycan dilinin onomalogiyası» monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.

 

Ədəbi dilimizi dərindən mənimsəmiş, bütün yazı və nitqlərində bu dilin normalarına zərgər dəqiqliyi ilə əməl edən Afad Qurbanovun əsərlərində konkret fikir, dəmir məntiq, doğru və düzgün bir ana xətt vardır. Ciddi bir elmi problemi asan, sadə, anlaşıqlı, elmi dildə oxucuya çatdırmaq qabiliyyəti Afad müəllimdə yüksək dərəcədə inkişaf etmişdir. Bu cür üslubda elmi əsər yazmaq hər alimə xas xasiyyət deyildir.

 

Afad Qurbanov dilçiliyin müxtəlif sahələrini əhatə edən çoxcəhətli elmi yaradıcılığa malik alim olmuşdur. Onun fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırmaq olar:

 

1. Ümumi dilçilik məsələləri;

2. Müasir Azərbaycan ədəbi dili problemləri;

3. Azərbaycan dilçiliyi problemləri;

4. Azərbaycan dilinin onomalogiyası;

6. Türkoloji dilçilik;

7. Bədii əsərlərin dili;

8. Ali məktəb pedaqogikası və metodikası;

9. Qədim türk yazılı abidələri;

10. Əlifba məsələləri;

11. Dilçi kadrların hazırlanması.

 

Dilin fonetik sisteminin tədris və təbliği prinsiplərinin də bir sira müddəaları A.Qurbanovun axtarışlarında öz elmi həllini tapmış və bunlar mətbuata çıxarılaraq geniş oxucu kütləsinə çatdırılmışdır.