Afad Qurbanov və Qaraqurbanlılar nəsli

Bəzən həyatda elə şəxsiyyətlər, elə insanlar olur ki, onlar haqqında söz demək böyük bir məsuliyyətə çevrilir, söz sərrafları belə bu dahi insanlar haqqında söz qoşmaqda çətinlik çəkir, tərəddüdlər içərisində qalırlar. Bu müdrik insanların sözə sığmayan əməl və amalları, sözdən yüksəkdə duran şəxsiyyətləri onlar haqqında söz deməyə yüksək məsuliyyət və qəlb bağlılığı tələb edir. Belə insanları sevmədən, yüksəkliyi qarşısında baş əymədən onlar haqqında söz demək çətindən də çətindir. Böyük bir dilçilər ordusuna ali komandan olmuş görkəmli alim, gözəl insan, akademik Afad Qurbanov da belə şəxsiyyətlərdəndir.

 

Afad Məhəmməd oğlu Qurbanov elə nüfuzlu və köklü nəslin nümayəndəsi idi ki, onun haqqında yazmaq üçün uzaqlara baş vurmaq, onun şəcərəsindən başlamaq lazım gəlir. Afad müəllimin nəsil şəcərəsi qədim bir tarixə malik və geniş ərazilərə yayılmış böyük Qaraqurbanlılar (Qararvanlılar) tayfasından başlayır. Tələffüzdə Qararvanlılar şəklində daşlaşmış bu tayfanın bir çox üzvləri qədim Qərbi Azərbaycanda, Gəncədə, Qazaxda, Tiflisdə, Aran Borçalısı və Dağ Borçalısında, hətta Türkiyə ərazisində həyat sürmüşlər. Bu tayfanın ayaq basdığı bir çox yerlərdə onomastik izləri qalmış, tarixin daş yaddaşına həkk olunmuşdur. Borçalının Sarvan ərazisindəki Yağılcada «Qararvanlı yataqları», Başkeçid ərazisindəki «Qararvanlı xırmanları» və digər başqa adlar indiyə kimi yaddaşlarda qalmaqdadır.

 

Qaraqurbanlılar tayfası maarif və mədəniyyət sahəsində başqalarından daha çox seçilmiş, övladlarının təhsili ilə yaxından maraqlanaraq onların bir çoxunun dərindən təhsil almalarına şərait yaratmışdır. Bu sahədə Afad müəllimin babası Alı xüsusi olaraq fərqlənmişdir.

 

Alı kişi öz bölgəsinin ən hörmətli və mötəbər adamı, yüksək insani xüsusiyyətlərə malik dərin düşüncəli, dövrünə görə yüksək dünyagörüşlü bir şəxsiyyət olmuşdur. Mərdlik, insanpərvərlik, xeyirxahlıq onun ən ümdə və ən bariz keyfiyyətlərindən olmuş, müntəzəm olaraq kasıblara, imkansızlara əl tutmuş, dövrünün çox böyük xeyriyyəçisi kimi tanınmışdır. Alı kişi dörd övladının təhsilinə diqqət yetirmiş, xüsusilə Əhməd və Məhəmməd adlı oğullarının hər ikisini rusca oxutdurmuşdur.

 

Afad müəllimin atası Məhəmməd Qurbanov elm, təhsil və mədəniyyətin inkişafına böyük qayğı ilə yanaşmış, bölgənin yüksək rütbəli ilk hərbçisi olmuşdur. O, Çar Rusiyasında mükəmməl hərbi bilik və bacarıqlara yiyələndikdən sonra general Əliağa Şıxlinski, general Səməd bəy Mehmandarov kimi şəxslərlə birgə fəaliyyət göstərmişdir. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Məhəmməd Qurbanov Türkiyə dövlətinin dəvəti ilə türk ordusunun hissələrinə hərbi təlim keçmişdir. Onun hərbi təlim zamanı istifadə etdiyi atın yəhəri və digər hərbi əşyalar indi də nəsil yadigarı kimi Qarsda xatirə muzeyində saxlanılır. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisindəki fəaliyyəti ilə bağlı Məhəmməd Qurbanov müxtəlif əşyalardan ibarət çoxlu hədiyyələr almışdır. Belə hədiyyələrdən biri və ən qiymətlisi general Mehmandarov tərəfindən ona bağışlanan qızıl qınlı, üstü yazılı qılınc olmuşdur. Afad Qurbanov atasına bağışlanmış bu qılınc haqqında sonralar yazmışdır: «General Səməd bəy Mehmandarovun bağışladığı qılınc evimizdə divardan asılı idi. O dövrün Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin işçiləri evimizdə axtarış apararkən onu gözümüz önündə parça-parça etdilər, qızıldan hazırlanmış qılınc qabını isə özləri ilə apardılar».

 

Məhəmməd Qurbanov hərbçi olsa da, elm və mədəniyyətə böyük rəğbət və məhəbbətlə yanaşmışdır. Evində yaratdığı müxtəlif elm sahələrinə, hərbi məsələlərə dair kitablarla, Azərbaycan, rus və Avropa söz sənətkarlarının əsərləri ilə, linqvistik və ensiklopedik lüğətlərlə zəngin kitab otağı, bir növ, Qızıl Şəfəq orta məktəbinin müəllimləri üçün kitabxana olmuşdur. Kənd əhalisinin maddi mədəniyyətinin inkişafında da Məhəmməd Qurbanovun böyük rolu olmuş, o, inkişaf etmiş ölkələrdən müxtəlif kənd təsərrüfatı alətləri, maşınları və digər vasitələri kəndə gətirməklə zəhmətkeşlərə xidmət göstərmişdir.

 

Məhəmməd Qurbanovun Gürcüstanın tanınmış Şəriflilər nəslindən olan Aişəbalı Şərifova ilə nikahlarından üç oğlu və üç qızı olmuşdur: Səlimxan, Cavadxan, Alıfuad, Müşkünaz, Qeysər və Tamara.