Görkəmli dilçi-türkoloq, altayşünas Afad Qurbanov dilçiliyin demək olar ki, bütün sahələrini əhatə edən elmi yaradıcılığa malik alim olmuşdur. Onun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutmuşdur.
Məlumdur ki, türk dünyasının dil materiallarının geniş və hərtərəfli tədqiqata cəlb olunması müasir elmin ən aktual problemlərindəndir. Qədim türk tayfa və qəbilələrinin mənşəyi, dili, təşəkkül və tərəqqi tarixi, onların yayılıb məskunlaşdıqları ərazilər, bu yayılmanın səbəbləri və başqa məsələlər hələ də lazımi səviyyədə və dərindən öyrənilməmişdir.
Bütün bu problemlər ətrafında düşünən Afad Qurbanov bu sahədə hələ 70-ci illərdən tədqiqat aparmağa başlamış və get-gedə araşdırmalarının hüdudlarını genişləndirmiş, bütün türk dillərinin materiallarından istifadə etmişdir. Azərbaycan dilçiliyinə «türkoloji dilçilik» terminini ilk dəfə məhz professor Afad Qurbanov gətirmişdir.
«Türkoloji dilçilik» monoqrafiyası, «Türk antroponimlərinin inkişaf dövrləri», «Ümumtürk antroponimiyası tarixi», «Türkoloji dilçiliyə dair biblioqrafiya», «Türk xalqlarında advermə ənənələri», «Qədim türk adları», «Ortaq türk dili» və s. kitabları fədakar alimin yorulmaz axtarışlarının nəticəsi olmuşdur.
«Türkoloji dilçilik» əsərində dilçiliyimiz tarixində ilk dəfə olaraq ümumi türkologiyada türkoloji dilçiliyin yeri və vəzifələri müəyyənləşdirilmiş, türk dillərinin dünya dilləri arasında mövqeyi məsələsinə toxunulmuş, dünya dillərinin təsnifi prinsipləri yenidən gözdən keçirilmiş, dilçilik tarixində türk dillərinə dair irəli sürülən təsnifatların təhlili verilmiş və müasir türk dilləri üzrə qruplaşdırma aparılmışdır. Bundan başqa, əsərdə müasir türk dillərinin tədqiqi istiqamətləri də nəzərdən keçirilmiş, qədim türk yazılı abidələrinin öyrənilməsi məsələsinə münasibət bildirilmişdir.
Kitabın sonunda ümumtürk ədəbi dilinin zəruriliyi, ümumtürk dil mərkəzi yaratmaq, ümumtürk lüğət problemi, ümumtürk əlifbası problemi, türk dillərinin qarşılıqlı tədrisi problemi kimi türkoloji dilçiliyin ən müasir problemləri işıqlandırılmışdır.
Afad müəllim özünəməxsus təmkin, səbir və inamla ortaq türk əlifbası və ortaq türk dilinin yaradılması yönümündə fəaliyyət göstərmişdir. İki yüz altmış milyondan artıq insanın iyirmi üç dildə danışdığı, oxuyub-yazdığı məkanı vahid əlifba və ortaq dillə daha sıx birləşdirmək onun müqəddəs arzularından olmuşdur. O, ortaq türk əlifbası layihəsinin hazırlanmasının təşəbbüskarlarından və tərtibatçılarından biri olmuşdur. 1993-cü ildə Ankarada altı türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın nümayəndələrinin iştirakı ilə hazırlanmış ortaq türk dili əlifbası layihəsi daha geniş müzakirə üçün qəbul olunmuşdur. Ortaq əlifbanın başlıca məqsədi bundan ibarətdir ki, milli əlifbalar yaradılarkən türk dillərinin hər birinin fonemlərini əks etdirməyə imkan olsun. Hazırlanmış 34 hərfdən ibarət əlifba bütün türk xalqlarının fonemlərini (səslərini) əks etdirmək baxımından əhəmiyyətlidir.
34 hərfdən ibarət ümumtürk əlifbasının yaradılmasında və tərtib edilməsində Afad Qurbanovun xeyli əməyi olmuşdur. Vahid ortaq türk əlifbası layihəsinin ilk və əsas təşəbbüskarları və tərtibatçılarından olan A.Qurbanovun dediyinə görə: «Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir». Ortaq türk əlifba layihəsi Türkiyədə bütün türk xalqları alimlərinin nümayəndələrinin iştirakı ilə 1993-cü ildə müzakirə olunaraq bəyənilmişdir.
Türk dünyası üçün «ortaq dil» yaratmaq ideyası XX əsrin 80-ci illərində yenidən bir daha meydana çıxmışdır. Bu fikir müxtəlif dil problemlərinə dair Türkiyə, Azərbaycan və Özbəkistanda təşkil olunan qurultay, konqres, konfrans, simpozium və elmi seminarlarda, müasir zəruri ekstralinqvistik problem kimi diqqəti daha çox cəlb etmişdir. Ortaq dil məsələsi 1992-ci ildə Türk Dili Qurumu tərəfindən Ankarada keçirilən konfransda daha genişliyi ilə müzakirə obyekti olmuş və bunu digər türkdilli xalqların da nümayəndələri rəğbətlə qarşılayıb müdafiə etmişlər. 1999-cu ildə A.Qurbanov müasir türkoloji dilçiliyin ən başlıca problemlərinə həsr edilmiş «Ortaq türk ədəbi dili» kitabını çap etdirmişdir.
Bununla yanaşı, Afad Qurbanov «Azərbaycan onomalogiyasının əsasları» kitabı ilə nəinki Azərbaycanda, həm də Türkiyədə bu sahədə elmin əsaslarını qoymuşdur. Bu əsər türk dilində «Onomastiğin əsasları» adı altında Türkiyədə çap edilmişdir.
Azərbaycanda ilk dəfə milli zəmində yazılmış ikicildlik «Ümumi dilçilik» monoqrafiyasında Afad Qurbanov dünya dilçiliyində də yenilik yaratmış, əsərə türk materialının daxil ediməsinə müvəffəq olmuşdur. O, ümumdilçilik problemlərindən olan dünya dillərinin təsnifinə dair yeni bölgü, o cümlədən Altay dilləri ailəsi haqqındakı yeni və orijinal təsnif vermişdir. Bu elmi yeniliklər müxtəlif ölkələrin görkəmli dilçi alimləri və türkoloqları tərəfindən yüksək qiymətləndirilmiş, əsər həm Rusiyada, həm də Türkiyədə tərcümə olunaraq üç cilddə çap edilmişdir.
Afad Qurbanov altayşünas, türkoloq kimi fəaliyyətini hələ sovet vaxtından başlamışdır. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk onomastikası bölməsi bürosunun üzvü, Tədris-metodiki bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmışdır. Sözügüdən Komitə yaradılandan onun sədri ömrünün sonunadək akademik A.Kononov, sədr müavini akademik E.Teneşev, sonradan sədri E.Teneşev, sədr müavini isə A.Qurbanov olmuşdur. Həmin dövrdə akademiklər A.Kononov, E.Teneşev, A.Şerbak və onların sırasında A.Qurbanov türk dünyasında tanınmış türkoloqlar kimi qəbul olunurdular.
Afad Qurbanov türkdilli dövlətlərdə yaşayan həmkarları ilə daim six əlaqə saxlamış, türkologiya və türkoloji dilçilik problemlərinin birgə çözülməsinə böyük zəhmət sərf etmişdir. Həmin ölkələrdə Afad müəllimin bu qədər tanınması və sevilməsi həm şəxsi, həm də yaradıcılıq keyfiyyətləri ilə bağlı olmuşdur.
1927-ci ildə böyük Atatürk tərəfindən yaradılmış, türkologiya və türkoloji dilcilik sahəsində dünyanın ən nüfuzlu elmi müəssisələrindən olan Türk Dil Qurumu ilə akademik Afad Qurbanov hələ sovet dönəmində daim əlaqə saxlamış, Türk Dil Qurumu rəhbərliyi nüfuzlu dilçi-türkoloqun məsləhətlərinə daim ehtiyac duymuş, bir çox məsələlərdə onunla məsləhətləşmişdir. Bu haqqı Afad müəllim nəhəng təfəkkürü və tədqiqatlarının miqyası, dəyəri ilə qazanmışdır.
Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəfli üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.
Afad Qurbanov türkdilli xalqların ortaq mənəvi və mədəni dəyərlərinin fədakar qoruyucusu kimi tanınmışdır. Onun türkoloji dilçilik sahəsindəki xidmətləri danılmazdır. Türkoloqlara bəllidir ki, alimin dilçiliyin bütün sahələrində, əsasən ümumdilçilik, türkologiya və onomalogiya ilə bağlı tədqiqatları təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da öyrənilir, oxunur və tədris edilir.