Professor Afad Qurbanov və nitq mədəniyyəti problemləri

Görkəmli elm xadimi, Azərbaycan, Rusiya və bir sıra başqa ölkələrin Elmlər Akademiyalarının üzvü, akademiki, dünyanın bir çox linqvistik və onomastik cəmiyyətlərinin, təşkilatlarının (Finlandiya, Belçika və s.) həqiqi və ya fəxri üzvü olan prof. Afad Qurbanov çoxşaxəli elmi, pe-daqoji fəaliyyəti ilə həm Azərbaycanda, həm də bütün dünyada məşhurdur.

 

XX əsrin 50-ci illərindən elmi fəaliyyətə başlayan A.Qurbanov Azərbaycan dilçiliyinin bütün sahələrinə diqqət yetirmiş, maraqlı, məzmunlu məqalələri ilə dövri mətbuatda tez-tez çıxış etmişdir. Onun elmi tədqiqatlarında ümumi dilçilik, türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, yazı, əlifba problemləri, bədii əsərlərin dili, nitq mədəniyyəti və s. məsələlər özünün geniş həllini tapmışdır. Ölkənin filologiya və pedaqoji fakültələri üçün tədris proqramları onun rəhbərliyi və yaxından iştirakı ilə hazırlanmışdır. Azərbaycanda dilçilik fənlərinin tədrisi keyfiyyətinin yüksəlməsində də A.Qurbanovun böyük xidmətləri olmuşdur.

 

Azərbaycan onomalogiyasının banisi hesab olunan A.Qurbanov yalnız bu sahə ilə kifayətlənməmiş, Azərbaycan dilçiliyinin bütün sahələrinə dair qiymətli fikirlər söyləmişdir. Onu daha çox maraqlandıran sahələrdən biri nitq mədəniyyəti məsələləri olmuşdur. İlk mətbu məqaləsi olan «Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə qalıqlarına qarşı mübarizə»ni 1956-cı ildə «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalının I buraxılışında dərc etdirmişdir. Bu problem onu bütün yaradıcılığı boyu düşündürmüş, problemlə bağlı bir sıra məqalələr yazmış və 1984-cü ildə «Azərbaycan nitq mədəniyyəti məsələləri»nə dair geniş elmi konfrans təşkil etmişdir. A.Qurbanov 1983-1989-cu illərdə Azərbaycan Respublikası «Bilik» Cəmiyyətinin Natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri kimi bu sahədə xeyli iş görmüşdür.

 

XX əsrin 80-ci illərindən başlayaraq onun səyi nəticəsində ilk dəfə Pedaqoji İnstitutda «Nitq mədəniyyətinin əsasları» xüsusi fənn kimi tədris olunmağa başlanmışdır. Lakin bir müddət səhih proqram olmadığından həmin fənni hərə öz bildiyi kimi keçmişdir.

 

Sonradan professorun gərgin əməyi sayəsində həmin fənnin tədrisinə dair proqram da işıq üzü görmüşdür. Haqqında bəhs açdığımız proqram tələbələrin mədəni nitqə daha təkmil yiyələnmələri üçün dolaşıqlığı aradan qaldırmış, bu fənnin tədrisində bir sistem yaratmışdır.

 

Dilçilik fənləri içərisində xüsusi yeri olan «Azərbaycan nitq mədəniyyəti» fənni də digər fənlər kimi, müəyyən ehtiyac və tələbat əsasında meydana çıxmışdır. Bu fənnin tədrisi sayəsində orta və ali məktəblərdə tələbələrin Azərbaycan dilinin incəliklərinin, zənginliklərinin öyrənilməsi üçün imkan yaranmışdır. Həm mühazirə, həm də praktik məşğələlər formasında tədris edilən «Azərbaycan nitq mədəniyyəti» fənni tələbələrə Azərbaycan dilinin xüsusiyyətlərini öyrətməklə yanaşı, çox qədim tarixə malik Azərbaycan ədəbiyyatının mənimsənilməsində də böyük rol oynayır. Çünki bu praktik məşğələlər ədəbi dil nümunələri əsasında aparılır.

 

A.Qurbanov yazmışdır: «Nitq mədəniyyəti ilə bağlı olaraq hələ ki tam, yekdil bir fikir yoxdur. Bəzən dilin ifadə vasitələrindən düzgün istifadə etməyi, bəzən yığcam, sərrast danışmağı nitq mədəniyyəti hesab edənlər, bəzən onu üslublarla əlaqədar olaraq şərh etməyə çalışanlar da olmuşdur. Lakin nitqdə yalnız düzgün üslubi füqurlar işlətməklə yüksək nitq mədəniyyətinə nail olmaq mümkün ola bilməz«.

 

Azərbaycan xalqı bütün dövrlərdə, bütün sahələrdə tarixə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Dilçilik və ədəbiyyat sahəsində belə dahi simaların: M.Füzulidən, M.P.Vaqifdən tutmuş ta M.F.Axundova, H.Zərdabiyə, M.Ə.Sabirə, N.Nərimanova, A.Şaiqə qədər hər biri Azərbaycan dilinə, Azərbaycan nitq mədəniyyəti məsələlərinə biganə qalmamış, bu dilin – böyük mədəniyyətin formalaşması üçün öz əməklərini əsirgəməmişlər. Dönə-dönə öz bədii və elmi əsərlərində ana dilində danışmağı özü üçün ar bilənlər öz danışığında yersiz olaraq alınma sözlər işlədən «ziyalıları», «azərbaycanlıları» tənqid etmiş, bu dilin saflaşması, yad ünsürlərdən təmizlənməsi, yaşaması və gələcək nəsillərə çatdırılması üçün çalışmışlar.

 

Başda Ə.Dəmirçizadə olmaqla, Azərbaycanın bir çox dilçi alimləri də nitq mədəniyyətinin təkmilləşdirilməsində, formalaşdırılmasında böyük xidmətlər göstərmiş, nitq mədəniyyətini şərtləndirən amillər, normalar və s. məsələlər haqqında müxtəlif fikirlər söyləmişlər.

 

A.Qurbanov nitq mədəniyyəti məsələlərindən bəhs edərkən nitq və dilin münasibəti məsələsinə toxunmuş, dilin ictimai, nitqin fərdi xüsusiyyətlərindən bəhs etmiş, mədəni nitq üçün iki cəhətin – düzgünlük və kamilliyin əsas olduğunu qeyd etmişdir. Görkəmli alim düzgün nitqdən danışarkən onun on normasına: fonetik, orfoepik, leksik, onomastik, semantik, frazeoloji, derivatoloji, morfoloji, sintaktik və üslubi normalarına əməl etməyin zəruri olduğunu qeyd etmişdir. O, kamil nitq vasitələrindən yerli-yerində istifadə olunmasını əsas şərt hesab etmiş, dəqiq, zəngin, aydın, təmiz, məntiqi, yığcam, ifadəli, təsirli nitqi «kamil nitq» adlandırmışdır. Deməli, kamil nitq bu xüsusiyyətlər əsasında şərh edilməli və bu zaman vurğu, fasilə, nitqin tempi, mimika və jestlərdən istifadə edilməsi, bədii ifadə vasitələrinin işlədilməsi və s. haqqında məlumat verilməli, bunların hər biri bədii nümunələr əsasında şərh edilməklə tələbələrdə aydın təsəvvür yaradılmalıdır.

 

Prof. A.Qurbanov «Nitq mədəniyyəti problemləri və Azərbaycan dilçiliyinin vəzifələri» («Elm və həyat», B., 1988, №2) məqaləsində nitq mədəniyyətini xalqın ümumi mədəniyyətinin ayrılmaz hissəsi adlandırmış, mədəni nitqə verilən tələblərdən bəhs etmiş, sözdən istifadə bacarığına, söz seçiminə xüsusi diqqət yetirməyin zəruri olduğunu qeyd etmişdir.