Afad Qurbanovun müasir Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətləri

Azərbaycan dilçiliyinin inkişafında, dilimizin hərtərəfli araşdırılması və tədrisində əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, professor Afad Qurbanovun böyük xidmətləri olmuşdur. A.Qurbanov yazmışdır: «Dil çox mürəkkəb xüsusiyyətlərə, dərin və gizli sirlərə malikdir. Bü-tün bu cəhətlər öyrənildikdə dil insan həyatında fikrin ifadəsi üçün daha qüvvətli vasitəyə çevrilir. Dilə dair geniş məlumat və bilik əldə etmək sayəsində hər bir kəs ayrı-ayrı məsələləri daha dəqiq ifadə etmək imkanı qazanır».

 

Prof. Afad Qurbanov elmi-tədqiqat aparmağa başlarkən öncə onun diqqətini ədəbi dil problemi cəlb etmişdir. Bu, heç də təsadüfi mahiyyət daşımamışdır, çünki 60-cı illərdə müasir Azərbaycan ədəbi dili məsələlərinə aid ali məktəblərin filologiya fakültələrində orijinal, mükəmməl və sanballı bir monoqrafiya olmamışdı. Ədəbi dil məsələləri mövcud dərslik və vəsaitlərdə bütünlüklə və hərtərəfli, geniş şəkildə əhatə olunmamışdı. Məhz həmin kəsiri aradan qaldırmaq zərurətini dərindən dərk edən A.Qurbanov 1968-ci ildə «Müasir Azərbaycan ədəbi dili» mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.

 

Hələ alim bu müdafiəyə qədər 1967-ci ildə «Müasir Azərbaycan ədəbi dili» adlı böyük həcmli kitab nəşr etdirmişdir. A.Qurbanov bu sanballı, bitkin əsərinin çapına qədər çoxillik araşdırmalar nəticəsində müxtəlif illərdə bu mövzuya aid 10-a qədər monoqrafiya, dərslik və dərs vəsaiti yazıb çap etdirmişdir. Bunları xatırlatmaq istərdik: «Azərbaycan lüğətçiliyinə dair» (1962), «Müasir Azərbaycan dilinin qrafika və orfoqrafiyası» (1963), «Müasir Azərbaycan dilinin frazeologiyası» (1963), «Müasir Azərbaycan dilinin lüğət tərkibi» (1964), «Azərbaycan dilinin leksikologiyası» (1964), «Azərbaycan dilinin semasiologiyası» (1964), «Müasir Azərbaycan ədəbi və danışıq dili» (1965), «Müasir Azərbaycan dilində leksik kateqoriyalar» (1966) və s. kitablar nəşr etdirmişdir. Bu sahədəki tədqiqatlarını ümumiləşdirən, sanballı araşdırma olan «Müasir Azərbaycan ədəbi dili» kitabı və «Müasir Azərbaycan ədəbi dilinə dair praktikum» yalnız Azərbaycan elmi ictimaiyyətinin deyil, başqa türkoloq alimlərin də diqqətini cəlb etmiş və onun bu əsəri yüksək qiymətləndirilərək böyük maraqla qarşılanmışdır.

 

Əsərə hələ birinci çapından bir çox xarici ölkələrin görkəmli alimləri tərəfindən yüksək qiymət verilmişdir. Türkmənistan Elmlər Akademiyasının akademiki P.Əzimov göndərdiyi rəydə əsəri yüksək qiymətləndirərək burada türkologiya üçün ən vacib problemlərdən olan leksik və semantik kateqoriyaların dərindən təhlil edildiyini, dəyərli nəticələr əldə olunduğunu göstərmişdir. «Müasir Azərbaycan ədəbi dili» kitabı haqqında məşhur rus türkoloqu, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədri akademik A.Kononovun verdiyi rəy də diqqəti cəlb edir: «A.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır».

 

Müasir Azərbaycan ədəbi dilinin fonetikası, qrafikası, leksikologiyası, semasiologiyası, frazeologiyası, onomalogiyası və başqa sahələrinə dair Afad müəllimin bu kitabındakı özünəməxsus fikir və mülahizələri artıq dilçiliyimizdə təsdiqini tapmış dil materialları kimi gələcək tədqiqatların istiqamətlərini müəyyən edir. Yeri gəlmişkən, deyilməlidir ki, vaxtilə dərsliklərə və təsnifatlara daxil edilməyən bəzi bəhslər bu kitabda genişliyi ilə əksini tapır. Əsər yarandığı dövrdən ali pedaqoji məktəblərin filologiya və başqa fakültələrində əsas dərslik kimi işlənilir, müəllim, aspirant, magistr və tələbələrin stolüstü kitabıdır. Sonralar öz tədqiqatlarını daha da təkmilləşdirərək və artıraraq A.Qurbanov həmin kitabı 1985-ci ildə yenidən kiril qrafikası, 2003-cü ildə isə latın qrafikası ilə çap etdirmişdir. Kitaba həm tələbə, müəllim və alimlərin, həm də geniş oxucu kütləsinin tələbatı nəzərə alınaraq həmin əsər 2010-cu ildə təkrarən böyük tirajla nəşr olunmuşdur.

 

Azərbaycan dilinin daha mükəmməl öyrənilməsi üçün A.Qurbanov bu əsərlə yanaşı, 1971-ci ildə ikicildlik «Müasir Azərbaycan ədəbi dilinə dair praktikum» hazırlamışdır. Həmin praktikumlar təkmilləşdirilərək 1982-ci ildə kiril qrafikası, 2005 və 2010-cu illərdə isə latın qrafikası əsasında təkrarən çap edilmişdir.

 

Professor A.Qurbanov dünya və Azərbaycan dilçiliyinin təcrübəsindən və nailiyyətlərindən faydalanaraq müasir Azərbaycan ədəbi dili məsələlərinin ətraflı şərhini verə bilmişdir.