Afad Qurbanovun elmi-pedaqoji kadrların yetişdirilməsi sahəsindəki xidmətləri

Hər bir elm xadiminin fəaliyyətinin vacib sahəsini çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir. Görkəmli dilçi-alim və mahir pedaqoq Afad Qurbanovun respublikamız üçün yüksək ixtisaslı müəllim və filoloq-alimlərin hazırlanması işində böyük xidmətləri olmuşdur. O, nadir alimlərə nəsib ola biləcək ziyalı mühiti yarada bilmişdir.

 

Akademik Afad Qurbanov ölkəmiz üçün minlərlə yüksək ixtisaslı müəllim hazırlamış, habelə çox sayda filoloq-alimlərin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirərək 60-dan çox elmlər namizədi və doktoru yetişdirmişdir. Həmin elmi və pedaqoji kadrlar yüksək potensialı, intellektual səviyyəsi ilə həmişə seçilmişlər. Bir faktı qeyd etmək yerinə düşər ki, A.Qurbanovun rəhbərlik etmiş olduğu Azərbaycan dilçiliyi kafedrasının əməkdaşlarından 9 nəfəri 10 ildə doktorluq dissertasiyası uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi və professor elmi adını almışdır. Həmçinin Afad Qurbanovun ailəsində də həyat yoldaşının elmlər namizədi, beş övladının isə elmlər doktoru kimi formalaşmasında xüsusi rolu olmuşdur.

 

Elmə gəlmək istəyən gənc dilçilərə Afad Qurbanov yüksək həssaslıq və qayğı ilə yanaşmışdır. O, hesab etmişdir ki, qayğı və həssas münasibət tələbkarlığı azaltmamalıdır. Qayğı pərdəsi altında zəif və heç bir elmi qabiliyyəti olmayan kadrların elmə axınına yol vermək olmaz.

 

Afad Qurbanov yazmışdır: «Elmi fəaliyyət sahəsinə qədəm qoyan hər bir tədqiqatçı üçün əsas və ilkin şərtlərdən biri onun seçdiyi elmin vəziyyətini, dünya elmləri sistemində yerini, digər elmlərdən fərqli olan başlıca əlamətlərini bilməsidir. Elm nümayəndəsi tədqiq etdiyi elm sahəsinin keçmişi, indisi və gələcəyi ilə maraqlanmalı, dərin axtarışlar, geniş müşahidələr əsasında elmi məsələlərin tədqiqi istiqamətlərini özü üçün müəyyənləşdirməkdə əməyini əsirgəməməlidir».

 

Afad Qurbanov təsadüfi mövzuları, elmi əhəmiyyəti olmayan problemlərin araşdırılmasını lüzumsuz hesab etmişdir. Onun fikrinə görə, mütəxəssis, o cümlədən də dilçi-tədqiqatçı öz sahəsini dərindən bilməli, tədqiq olunan problemin mahiyyətini, kökünü aydınlaşdırmağa cəhd göstərməlidir.

 

Afad Qurbanovun rəhbərliyi ilə müdafiə olunmuş dissertasiya işlərini mövzularına görə şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: dil və üslub, müasir Azərbaycan dilinin qrammatikasının müxtəlif problemləri, onomastika məsələləri, dil əlaqələri, dil nəzəriyyəsi və dil tarixi.

 

A.Qurbanovun gərgin fəaliyyəti sayəsində püxtələşən elmi-pedaqoji kadrlar nəinki Azərbaycanın, həm də Rusiyanın, Türkiyənin, Almaniyanın, Gürcüstanın, Türkmənistanın, Qazaxıstanın təhsil və elm ocaqlarında uğurla çalışırlar. O, həmişə yetirmələrinin xoş sorağından qürur hissi keçirmiş, əməyinin hədər getməməsinə sevinmişdir.

 

Elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Afad Qurbanov dəfələrlə dövlət başçısının, respublika Ali Soveti, Elmlər Akademiyası və Təhsil Nazirliyinin fəxri fərmanlarına, mükafatlarına, 1981-ci ildə isə Azərbaycan SSR-i «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür. Onun bu sahədəki işi həmişə Ali Attestasiya Komissiyası tərəfindən də yüksək qiymətləndirilmişdir.

 

Professor Afad Qurbanov artıq 70-ci illərdən keçmiş Sovetlər İttifaqının, eləcə də dünyanın dilçilik və türkologiya elmi məkanına daxil olmuşdur. O, 1984-1989-cu illərdə Moskvada SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü (o vaxt Komitənin sədri akademik Andrey Nikolayeviç Kononov, sədr müavini akademik Edxem Raximoviç Teneşev olmuşdur), Tədris-Metodiki Bölməsinin sədri, Türk Onomastikası Bölməsi bürosunun üzvü və sonradan həmin Komitənin sədr müavini (o zaman Komitənin sədri akademik Edxem Raximoviç Teneşev idi) vəzifələrində çalışan zaman bütün sovet məkanında türkoloqların hazırlanmasında böyük işlər görmüş, bilik və bacarığını əsirgəməmişdi. Məhz həmin dövrdə formalaşmış türkoloqlar hazırda postsovet məkanı müstəqil dövlətlərində səmərəli fəaliyyət göstərirlər.

 

Afad Qurbanovun rəhbərliyi altında dissertasiya yazmış və müdafiə etmiş dilçilər onun haqqında böyük iftixar və qürur hissi ilə danışır, onun yetişdirməsi olmaları ilə fəxr etdiklərini həmişə bildirirlər.

 

Kadr yetişdirmək təkcə elmi rəhbərlik etmək demək deyildir. Onun yaratdığı «Azərbaycan onomalogiyası» elmi məktəbində hər il yetişən dilçi mütəxəssislər, haqlı olaraq, özlərini Afad Qurbanovun şagirdi, tələbəsi hesab edirlər.

 

Afad Qurbanov yalnız onomalogiya deyil, dilçiliyin bir çox başqa sahələrində öz məktəbini yaratmış görkəmli alimdir. Onun dilçiliyin müxtəlif problemlərinə həsr olunmuş sanballı əsərlərini oxuyub dilçi olmuş, bu ixtisasa maraq göstərmiş, dilçiliyi sevmiş on minlərlə oxucunu da Afad Qurbanovun şagirdi, tələbəsi hesab etmək olar.

 

Yaxşı alim olmaqla yanaşı, elmi kadrlar yetişdirmək bacarığı hər alimə qismət olmur. Bunun üçün yüksək elmi təşkilatçılıq, dərin elmi təfəkkür, məntiq, izah etmək, başa salmaq qabiliyyəti, yüksək ziyalılıq, əxlaqi saflıq, davranış mədəniyyəti, təmkin və səbir lazımdır. Yalnız bu sadalanan keyfiyyətləri özündə cəmləşdirən nüfuzlu elm adamı layiqli elmi və pedaqoji kadrlar yetişdirmək imkanına malikdir. Bütün bu cəhətlər və müşahidə edilə biləcək bir çox başqa xüsusiyyətlər Afad Qurbanov şəxsiyyətini fərqləndirən, onu sevdirən, yüksək nüfuz sahibi edən keyfiyyətlərdir.

 

Görkəmli dilçi-alim və pedaqoq Afad Qurbanovun elmi və pedaqoji kadrlar yetişdirmək sahəsində fəaliyyətinin, böyük uğurlarının sirri məhz bununla izah olunur.